FRANSA UNİVERSİTETLƏRİ

Fransanın üç universiteti dünya universitetlərinin reytinq cədvəlində ilk 100-lükdə yer alır: Paris Sciences et Lettres University – PSL Research University Paris, École Polytechnique və Sorbonne University. Fransada 200 000 xarici tələbə təhsil alır. Fransa hökuməti hər il təxminən 22 000 xarici tələbəyə təqaüd verir. Keyfiyyətli təhsil Fransa universitetlərinin vizit kartıdır.   

1. Fransada təhsil müddəti

Fransada bakalaviatura 3, magistratura 2, doktorantura 4 ildir. Universitetdən başqa ali təhsil verən Ali Peşə Məktəblərində təhsilin müddəti 2 ildir. 

2. Fransada təhsil dili 

Fransa universitetləri əsasən fransızca təhsil verir. Amma, eyni zamanda, tələbələrə tamamilə ingilis dilində olan 800 proqram təklif edir. İngilis dilində olan proqramlar əsasən biznesin idarə olunması, dəqiq elmlər və mühəndislik ixtisaslarına aiddir. Humanitar elmlər, ədəbiyyat, dizayn və ya incəsənət sahələrindən birini seçsəniz, daha çox fransızca oxumalı olacaqsınız.  

3. Fransa universitetlərinə müraciət tarixləri 

Fransa universitetlərinə müraciət üçün öncədən hazırlaşmaq lazımdır. Universitetlər müsbət və ya mənfi cavabı adətən 15 iyun və ya 15 sentyabra qədər göndərirlər. Cavab gec gəldiyi üçün  Fransaya yola düşməyə az vaxt qalır. 

4. Fransa universitetlərində tədris ili

Fransada tədris ili sentyabrda başlayır, iyunda bitir. Müraciət formaları 15 noyabr – 15 yanvar arasında Fransa Mədəniyyət Mərkəzlərindən alınmalıdır. Bu müddətdən kənar vaxtda forma verilmir. Magistratura üçün isə birbaşa universitetdən müraciət forması almaq lazımdır.  

5. Fransada oxumaq neçəyə başa gəlir

Fransada universitetə qeydiyyat məbləği 130-1000 avro arasında dəyişə bilir. Dövlət mühəndislik universitetlərində bu rəqəm daha çoxdur: 600-2000 avro. 
Əgər Fransada təqaüdlə oxumursunuzsa, onda dövlət universitetlərində bakalaviaturaya başlamaq üçün 3 000 avrodan başlayan bir məbləğ hazırlamalısınız. Magistratura üçün 4 000 avrodan çox ödəniş etməlisiniz. İngilis dilində oxuyanlar üçün bakalaviatura dövlət universitetlərində 4500 avrodan, özəl universitetlərdə 6 800 avrodan başlayır. Qeyd edək ki, Fransada tibb təhsilində xarici vətəndaşlar üçün kvota mövcuddur. Bu, ümumi tələbə sayının 8%-ni təşkil edir. 

6. Fransada tələbə yataqxanaları

Dövlət yataqxanalarında tələbələrə birnəfərlik otaqlar təklif edilir. Otaq kirayəsi aylıq 120 avro, birotaqlı evlər 300 avro civarındadır. Amma bu yataqxanalara təqaüdsüz oxuyan tələbələrin qəbul olunması çətindir. Dövlət yataqxanaları ilə yanaşı, tələbələr özəl yataqxanalar və ya kirayə evlər də seçə bilərlər. Burada məbləğ, əlbəttə ki, daha çox olur. 
Ümumiyyətlə, Fransada bir tələbənin normal həyat şəraiti üçün aylıq 850 avro, ayrıca Paris üçün isə 1000-1200 avro lazım olur. 

7. Hökumət təqaüdləri 

Fransa hökuməti hər il təxminən 22 000 xarici tələbəyə təqaüd verir. İki cür təqaüd vardır: 
-    Xarici ölkə hökumətləri ilə bağlanmış müqavilələr əsasında verilən təqaüdlər
-    “Eiffel” proqramları kimi xüsusi istedad təqaüdləri 

8. Fransada işləmək

Bir çox ölkələrdə olduğu kimi, Fransada da tələbələr həftədə 20 saata qədər işləyə bilərlər. Bu da fransızların işlədiyinin 60%-i deməkdir. Tələbələr adətən kuryer, kassir, satıcı, dayə kimi işlər axtarırlar. Magistraturada oxuyanlar müəllim assistenti və ya fərdi qaydada xarici dil müəllimi kimi işləyə bilərlər. Universiteti bitirdikdən sonra iş tapmaq üçün 1 illik iş vizası verilir.  
Fransada magistraturanı bitirən məzunlara isə 4 illik xüsusi iş vizası verilir - visa recherche d’emploi. Ölkədə iki il fasiləsiz qaldıqda vətəndaşlıq almaq üçün imkan yaranır. 

9. Ən yaxşı Fransa universitetləri 

•    Paris Sciences et Lettres University – PSL Research University Paris
•    École Polytechnique
•    Sorbonne University
•    University of Paris
•    Paris-Saclay University
•    Telecom Paris
•    École des Ponts ParisTech
•    Ecole Normale Superieure de Lyon
•    Montpellier University
•    Aix-Marseille University
•    Centrale Supelec
•    Sciences Po
•    University Paris 1 Pantheon – Sorbonne
•    ENS Paris – Saclay
•    University of Strasbourg